• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Haqqımızda

 

Öncə bütün dünya jurnalistlərini, özəlliklə İslam ölkələri jurnalistlərini salamlayırıq.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dövlətləri Jurnalistləri Assosiasiyasının yaranması zamanın tələbidir. Biz bu tələbi və jurnalistlərin düzgün informasiya ehtiyacını nəzərə alaraq fəaliyyətə başladıq.

        İndi dünyada inkişaf prosesləri çox sürətlə gedir. Ölkələrin coğrafiyası, sərhədləri ilə yanaşı insanları da, cəmiyyətləri də dəyişir, inkişaf edir. Dünya qloballaşır, ölkələr bir-birinə inteqrasiya edir, sivilizasiyalar dialoqa girir. Zamanın nəbzini tutmayıb bu inkişafla ayaqlaşa bilməyən, ya da ayaqlaşmaq istəməyən fərd də, cəmiyyət də geridə qalıb məhvə sürüklənir.

        Bu gün qloballaşma beynəlxalq həyatın çox sahələrini əhatə etdiyi halda, Şərqdə bu proseslər çox ləng inkişaf edir. Məsələn, Qərbdə jurnalistlərin fəaliyyətini birləşdirən xeyli sayda bu və ya digər şəkildə jurnalist assosiasiyaları, qurumları yaradılmışdır. Bu qurumlar medianın, jurnalistlərin peşə fəaliyyətində böyük rol oynayır. İslam Şərqi ölkələrində isə jurnalistləri bir araya, ortaq məxrəcə gətirən, həqiqəti yazmaq üçün birləşdirən, uluslararası media qurumları ilə dialoqa aparan bir təşkilat yoxdur.

        Bizim məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistlərini informasiya mübadiləsində bir araya gətirməkdir. Qloballaşan dünya ilə ayaqlaşmaq üçün öncə biz İslam ölkələri jurnalistləri öz aramızda birləşməliyik. Dünya hadisələrindən doğru-düzgün informasiya çatdırmaqda vahid mübadilə mərkəzindən yararlanmalıyıq. Çünki bizim ölkələrimiz, dillərimiz, milli adətlərimiz fərqli olsa da, minillik mədəni irslərimiz İslam mədəniyyəti qiyafəsindən çıxmışdır. İstər Qərbdə, istər Şərqdə terrorun, bəşəri dəyərlərə zidd hərəkətlərin baş verdiyi zəmanəmizdə mübarizə aparmaq, insanları düzgün informasiya ilə maarifləndirmək üçün biz öncə öz aramızda anlaşmalıyıq. Biz öz məsuliyyətimizi də, məziyyətlərimizi də, nöqsanlarımızı da, problemlərimizi də başqalarından daha yaxşı bilirik. Bir sıra ölkələr, özəlliklə Sovetlər Birliyi əsarətindən xilas olmuş İslam ölkələri ilə İslam dünyası arasında itmiş əlaqələrin bərpasına biz yardımçı olmalıyıq, sivilizasiyalararası dialoqlarda iştirak etməliyik.

     İslam ölkələrində yaranmış münaqişə ocaqları haqqında düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılması, İslam dəyərlərinə qarşı bəzi dairələrin ara-sıra apardığı kampaniyaların ifşasında güclərin birləşdirilməsi, İslam ölkələri xalqlarının dini təriqətlərə görə bir-biri ilə düşmənçiliyinə qarşı maarifləndirmə işlərinin aparılması, bu işdə İƏT üzv dövlətlərin mətbuat nümayəndələrinin rolunun artırılması, yuxarıda sadalanan bəndlərin həyata keçirilməsinə dəstək verəcək İƏT-ə üzv dövlətlərin jurnalistlərindən ibarət çevik, mütəşəkkil qrupun yaradılması, Assosiasiyanın fəaliyyətini əks etdirən mətbuat orqanının nəşri bizim məqsəd və vəzifələrimizə daxildir.

     Yeni yaradılmış bu təşkilat haqqında Sizin arzu və istəklərinizi, rəy və təkliflərinizi gözləyirik.

     Hörmətlə,

     Fazil ABBASOV,

     Sədr.