• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Şəhidlərin parlaq xatirəsi ehtiramla yad edilib

Bakı. Hər il yanvarın 20-də olduğu kimi, bu gün də Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Səhər saatlarından xiyabana axışan paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının parlaq xatirəsini böyük ehtiramla yad ediblər. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz Azərbaycanın yeni tarixini yazıb, xalqımızın azadlığa gedən yolunda cığır açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 26 il ötür. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutulub. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetiriblər. 744 nəfər günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutub, heç kəsə aman verməyiblər.

Qanlı Yanvar faciəsinin səhəri günü xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bəyanat verərək xalqın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyib. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqa böyük dayaq və dəstək olub. Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlanıb. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən qurulub, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradılıb, “20 Yanvar” şəhidi fəxri adı təsis edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırılıb.

...Şəhidlər xiyabanına insan axınının ardı-arası kəsilmir. İnsanlar qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq bu müqəddəs məkana üz tutmaqda davam edirlər.