• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanla bağlı yanlış xəritə BMT-nin saytından götürülüb

Bakı. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (İP) tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytındakı xəritə dərhal götürülüb.

"AzərTAC"-a BAMF-ın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun rəsmi internet səhifəsində (http://www.sdgfund.org/current-programmes) yerləşdirilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altındakı digər yeddi rayonunun adları erməni dilində təqdim edilmişdi.

BAMF-ın etiraz bəyanatında bildirilib ki, Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində təqdim edilməsi ədalətsizlikdir. Bunu əsas gətirən BAMF BMT-nin qurumunun yaydığı rəqəmsal xəritədə yol verilən yanlışlığın aradan qaldırılmasını tələb edib.