• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

TEAS: Beynəlxalq Cinayət Məhkəməsinin Xocalı qətliamına da diqqət yetirməsinin vaxtıdır

Bakı. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) müharibə cinayətləri və bəşəriyyət əleyhinə olan cinayətlərə görə Bosniya serblərinin lideri Radovan Karadjiçə qırx il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini alqışlayır. Bu məhkəmə qərarı yeddi mindən artıq Bosniya müsəlmanının qətlə yetirildiyi Srebrenitsa qırğını ilə bağlıdır.

Bu fikirlər TEAS-ın açıqlamasında yer alıb. "AzərTAC"ın xəbərinə görə, açıqlamada bildirilir ki, Haaqada, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında keçirilmiş məhkəmə prosesi səkkiz il davam edib. Bu, Karadjiçın rəhbərlik etdiyi silahlı birləşmələrin iyirmi il əvvəl kütləvi qətllər törədərkən həyat və ya ölüm haqda qərar qəbul etdikləri saniyələrdən daha çox vaxtdır.

TEAS təəssüf edir ki, Karadjiçın məhkəməsinə yetirilən diqqət eyni vaxtda baş vermiş digər vəhşiliyə – 1988–1994-cü illərdə alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir. Münaqişə nəticəsində otuz min insan həlak olub. Ən böyük vəhşilik isə 1992-ci il fevralın 26-da kişi, qadın, uşaq və qoca da daxil olmaqla, 613 mülki vətəndaşın qətlə yetirildiyi Xocalı qırğını baş verib.

Bu iki münaqişə arasında olan əsas fərq təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasındadır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlayır. Təqribən 875 min azərbaycanlı Azərbaycan ərazisində məcburi köçkün kimi yaşayır.

Bu günə qədər heç bir erməni Xocalı qətliamında və ya həmin vaxt törədilmiş digər vəhşiliklərdə iştirakına görə məhkəməyə cəlb edilməyib. Ermənistan prezidenti Serj Sarkisyan keçmiş hərbi komandirdir. O, BMT və dünya parlamentlərinin ən ali tribunalarında nitq söyləməkdə və qəbul edilməkdə davam edir, baxmayaraq ki onun əlləri qana batıb. TEAS-ın direktoru Lionel Zetter deyib: “Beynəlxalq Cinayət Məhkəməsi dünyadakı bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməklə mükəmməl iş görüb. Bəlkə də indi 613 mülki şəxsin sistemli şəkildə qətlə yetirildiyi Xocalıya diqqət yetirməyin vaxtıdır”.