• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xocalı faciəsi qurbanlarının xatirəsi Qətərdə anılıb

Azərbaycanın Qətərdəki səfirliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Rəşad İsmayılov çıxış edərək Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiklərini qeyd edən diplomat, Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc azərbaycanlının vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdıran səfir Rəşad İsmayılov Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu vurğulayıb.

Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər ərzində həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük uğurların əldə olunduğunu və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa başladığını diqqətə çatdırıb.

Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq azərbaycanlının doğma torpağından didərgin düşdüyünü bildirən səfir Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pislənildiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin təcavüzkar dövlətin beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, öz işğalçı siyasətini davam etdirdiyini deyib. Diplomat Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışılmayacağını və tezliklə erməni işğalına son qoyulacağını diqqətə çatdırıb.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımı haqqında kitab və materiallar paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.