• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələlərinə dair müzakirələr aparılıb

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar qeyd edib ki, görüşdə Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələləri ilə bağlı müzakirələr aparılıb.

Bilal Dündar bildirib ki, Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar federasiyaya müvəqqəti qeydiyyata düşmələri və uşaqlarını orta ümumtəhsil məktəblərində oxutmaları ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Soydaşlarımızın böyük əksəriyyəti uzun müddətdir Türkiyədə yaşayır və müxtəlif sektorlarda çalışırlar.

Şamil Ayrım Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin fəaliyyətini yaxından izlədiyini bildirib. O, federasiyanın iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etməsində fəaliyyətini təqdir edib. Dostluq qrupunun sədri Türkiyədəki soydaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması üçün çalışacağını deyib. Deputat qeyd edib ki, bundan sonra federasiya ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar.