• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları nazirlərinin növbəti görüşü keçirilib

Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin üçüncü görüşü keçirilib.

İclasda kibertəhlükəsizlik, elektron hökumət, peyk xidmətləri və “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, eləcə də İKT ilə bağlı digər prioritet istiqamətlər üzrə mövcud əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amaryev, Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Qırğızıstan informasiya texnologiyaları və kommunikasiya komitəsinin sədri Bakıt Şarşanbayev, Macarıstan dövlət katibinin informasiya, kommunikasiya və innovasiya üzrə müvaini Kalyulu Balazs Solumar iştirak edib.

D.Abayev TDƏŞ-ə üzv olan ölkələri informasiya-kommunikasiya sahəsində inteqrasiyanı möhkəmləndirməyə çağırıb, Azərbaycanın təşəbbüskarı olduğu TASİM-in yaradılmasını xüsusilə vurğulayıb.

E.Vəlizadə isə bildirib ki, Azərbaycanda İKT dinamik inkişafdadır və ölkə inkişaf etmiş informasiya cəmiyyəti şəraitində yaşayır. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir. Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir.

Nazir müavini Bakıda hər il kibertəhlükəsizlik üzrə regional təlimlərin keçirilməsinin planlaşdırıldığını və TDƏŞ-ə üzv ölkələrin bu təlimlərdə iştirakının məqsədəuyğun olduğunu bildirib: “Azərbaycanın “Kibertəhlükəsizlik üzrə Milli Strategiya”sı hazırlanır və tezliklə təsdiq olunacaq”.

Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlı təqdimatla çıxış edib. Sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

İclasın yekununda protokol qəbul olunub və növbəti görüşün 2020-ci ildə Qırğızıstanda keçirilməsi qərara alınıb.