• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tereza Mey istefasını elan edib

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini deyib.

Bu addımı atmağa onu partiya yoldaşları, o cümlədən Tereza Meyin Brexit üzrə yenilənmiş sazişindən narazı qalan Nazirlər Kabinetinin üzvləri məcbur edib.

Bu o deməkdir ki, Tereza Mey eyni zamanda ölkənin baş naziri postunu da tərk etməlidir. Lakin o, iyun ayının əvvəlində Böyük Britaniyaya dövlət səfərinə gələcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan tapacaq.

Mühafizəkarlar partiyasının yeni liderinin seçilməsi prosesi rəsmən iyunun 7-dən sonra başlayacaq. Britaniyanın sabiq xarici işlər naziri Boris Conson artıq bu posta namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. İcmalar Palatasının sabiq lideri Andrea Lidsom da belə imkanı nəzərdən keçirir. Ölkənin xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid potensial namizədlər arasındadır.

Kabinetin yeni rəhbəri seçilənədək Tereza Mey baş nazir səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. Bu proses adətən 6 həftəyə yaxın davam edir.