• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə iyulun 11-də öz iqamətgahında iftar süfrəsi açıb. İftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. "APA"-nın məlumatına görə, mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə ehtiram və milli mənəvi dəyərlərə verilən yüksək qiymət olduğunu vurğulayıb. Şeyxülislam Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu bildirib. Ölkənin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikada gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib. 

Daha sonra çıxış edən rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr da Azərbaycanda hökm sürən tolerantlığın, nümunəvi multikulturalizmin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev isə Azərbaycanda dinlərarası dialoqun və millətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, yəhudilərin Azərbaycanı özlərinə doğma bildiklərini və onun uğurlarına sevindiklərini çatdırıb. 

Azərbaycan prezidenti İlham Əliyev çıxışında mübarək Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və xoşbəxtlik arzulayıb. Dövlət başçısı hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandırıb, əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib. Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlət başçısı ölkədəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğulayıb. 

Sonda şeyxülislam Prezident İlham Əliyevə milli mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq edib. Sonra iftar süfrəsi açılıb.