• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafı üçün perspektivlər var

Bakı. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, hər iki ölkənin dövlət rəhbərləri arasında yaranmış dostluq münasibətlərinin hökumətlərarası əlaqələrə də müsbət təsir etdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə Səudiyyə Ərəbistanının bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla xatırladıb. Baş nazir, həmçinin Səudiyyə Ərəbistanı ilə yaxşı iqtisadi əlaqələrin yarandığını, ikitərəfli faydalı əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırıb. Əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə təcrübə mübadilələrinin vacibliyini qeyd edən Baş nazir Artur Rasi-zadə səfər proqramı çərçivəsində keçiriləcək görüşlərin, aparılacaq danışıqların hər iki tərəf üçün səmərəli olacağına, münasibətlərimizin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Ölkəmizin qarşısında başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı şərti ilə həllinin mümkünlüyünü vurğulayıb.

Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih son illər Azərbaycanda aparılan uğurlu iqtisadi, siyasi, hüquqi islahatlar nəticəsində dünya birliyinə böyük perspektivlərə malik azad, demokratik, müstəqil və zəngin bir dövlətin qədəm qoyduğundan məmnunluqla söz açıb. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə ölkəmizə dəstək verəcəklərini qeyd edən Xalid Əbdüləziz Əl Falih Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin daha da fəallaşdırılmasının, xüsusən qeyri-neft sektoruna investisiya qoyuluşunun artırılmasının, humanitar sferada əməkdaşlığın genişləndirilməsinin zəruriliyini önə çəkib.

"AzərTAC"