• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət

Bakı. Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər də təmsil olunub.

Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq beşinci dəfədir keçirilir. İki gün davam edəcək builki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə olunub. Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edib. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra VİKE-FREYBERQA ziyafətdə çıxış edərək, Prezidentə və birinci vitse -prezidentə minnətdarlığını bildirib: "Bizi həqiqətən çox böyük qonaqpərvərliklə qəbul etdiyinizə, ürəklərinizi bizə geniş açdığınıza və əvvəllər ölkənizi tanımayanlara ölkənizi təqdim etdiyinizə görə Azərbaycan Prezidentinə səmimi minnətdarlığımı ifadə etməklə hamımızın adından danışmış olaram. Artıq buraya müəyyən müddətdir ki, gələnlər hər səfərdə ölkədəki tərəqqinin, nəzərəçarpan inkişafın şahidi olurlar. Yeni gözəl memarlıq nümunələrini görürlər, Heydər Əliyevin xatirəsinə ucaldılan bu muzey kimi dünya səviyyəli tikililərin şahidi olurlar. Ölkənizin tarixində dahi şəxsiyyət olan Nizami Gəncəvinin əldə etdiyi nailiyyətləri təbliğ edən Mərkəzin təsis olunması ilə bağlı ideyanıza və səylərinizə görə Sizə minnətdarıq".

Tədbirdə çıxış edən Latviyanın sabiq Prezidenti daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim edib. Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.