• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Qətər və Livanın KİV əməkdaşları Qusarın görməli yerləri ilə tanış olublar

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları fevralın 13-də Qusar rayonunda olublar.

İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qətərin “Qalf Tayms”, “Al-Arab”, “Lusail”, “Al-Raya”, “Peninsula”, “Al-Şarq”, həmçinin Livanın “Cümhuriyyə”, “Media Deyli Star” və “Cedarnyus” qəzetlərinin nümayəndələrinin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Burada dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Qonaqlar yüksəklikdən Qusar şəhərinin panoramını seyr edib, xatirə şəkli çəkdiriblər.

Qətər və Livanın KİV əməkdaşları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası ilə tanış olublar.

Rayon icra hakimiyyətində keçirilən görüşdə Qusarın son dövrlərdə keçdiyi inkişaf yolundan danışılıb.

İcra hakimiyyətinin başçısı Şair Alxasov Qusarın tarixi, turizm imkanları, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Qonaqlar Qusar Mədəniyyət Sarayında azsaylı xalqların folkloru əsasında hazırlanmış proqramı izləyiblər.

Daha sonra xarici jurnalistlər Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində də olublar. Onlara buradakı otellər, turistlərə göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib.

KİV əməkdaşlarının diqqətinə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi qış həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.