• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Britaniya telekanalında Qarabağ atları haqqında reportaj yayımlanıb

Bakı. Böyük Britaniyanın ITV kanalında Londonda Kral Vindzor at şousunda iştirak etmiş 15 Qarabağ atı haqqında reportaj yayımlanıb. Reportaj ITV kanalının təxminən 700 min izləyicisi olan “Sabahın xeyir Britaniya” adlı populyar əyləncəli-informasiya verilişinin hava xəbərlərinin aparıcısı və at çaparı Laura Tobinin təqdimatında verilib. "AzərTAC"ın xəbərində bildirilir ki, Qarabağ atlarının Kral Vindzor at şousunda iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter ITV kanalına müsahibəsində Azərbaycan və Qarabağ atlarının Vindzor şousunda iştirakının təmin edilməsi barədə danışıb. O deyib: “Qarabağ atları öz sürəti, dözümlülüyü və çevikliyi ilə məşhurdur. Onlar sadəcə şou üçün olan heyvanlar deyil, həmçinin gündəlik istifadəyə də yararlıdır. Onlarla məşq etmək olur. Qarabağ atları polonun Azərbaycan versiyası olan çövkən oyununda iştirak etmək üçün də kifayət qədər cəld və sərtdir”.

Lionel Zetter bildirib ki, TEAS yalnız atların deyil, həmçinin rəqqaslar qrupunun Bakıdan Vindzora gəlməsini təmin etmək üçün ARAF və Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə çalışıb. TEAS mədəniyyət pavilyonunu da təşkil edib. Burada Azərbaycan milli geyimləri sərgilənib və Azərbaycanın unikal topoqrafiyasını göstərən videolar da nümayiş etdirilib. Yüzlərlə qonağa Azərbaycanın təravətləndirici limonlu çayı və paxlavası canlı muğam musiqisi sədaları altında təqdim olunub.