• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Asiyanın Qəlbi – İstanbul Prosesi”ni sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunması üçün dəyərli mexanizmdir

Bakı. Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak ediblər.

Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rabbani konfransı açıq elan edib. O, çıxışında bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirərək deyib: “İlk növbədə, fürsətdən istifadə edərək iştirakçı və dəstəkləyici ölkələrin xarici işlər nazirlərini, yüksək səviyyəli nümayəndələrini, regional və beynəlxalq təşkilatların rəsmilərini gözəl Bakı şəhərində “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında salamlamaq istərdim. Biz səmimi qonaqpərvərliyə və bu mühüm konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz bu gün Bakıda 7-ci nazirlər toplantısında görüşürük. Bu görüş Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyan bu prosesin uğuru üçün eyni öhdəliyi paylaşdığımızı bir daha təsdiqləyir”.

Səlahuddin Rabbani Asiyanın Qəlbi olan regionda sülhün və əmin-amanlığın təmin edilməsi baxımından bu tədbirin önəmini vurğulayıb. “Bu tədbir bir daha bizim müştərək öhdəliyimizi əks etdirir”, - deyən Səlahuddin Rabbani əsas diqqətin regionda iqtisadi inkişafa və əməkdaşlığın daha da dərinləşməsinə yönəldiyini diqqətə çatdırıb. O, terrorla mübarizədə etimadın yaradılması tədbirlərinə rəhbərlik edən ölkələrin proqram və layihələrini həyata keçirməklə bağlı fəal rolunu xüsusi vurğulayıb. 2011-ci ildən başlayan prosesin artıq 7-ci dəfədir reallaşdığını, gələn il tədbirin Türkiyədə keçiriləcəyini deyib.

Daha sonra Prezident İlham Əliyevin nitqi dinlənilib: "Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” Bəyannamələrində bir daha vurğulanmışdır.

Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər Ermənistan tərəfindən dağıdılıb.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Hörmətli qonaqlar, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq".

Daha sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ çıxış edib: "-Biz regional əməkdaşlığa ehtiyacın heç vaxt indiki qədər böyük olmadığı bir vaxtda görüşürük. Qarşımızda duran böyük iqtisadi imkanlar bizi cəlb edir, zərərli transmilli şəbəkələr və cinayətkar təşkilatlar isə bizə təhlükə törədir. Coğrafiya bizi qonşulara çevirib. Ümumi baxış, liderlik, siyasi iradə, idarəçiliyə güclü diqqət bizi bir-birindən asılı olan dünyada regional və qlobal təhlükəsizlik çərçivəsində milli təhlükəsizlik və tərəqqiyə can atan tərəfdaşlara çevirəcək".

“Asiyanın Qəlbi - İstanbul Prosesi”nə dəstək verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlıq edən Prezident Məhəmməd Əşrəf Qani hazırda Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün yol xəritəsinin həyata keçirildiyini bildirib, ölkəsinin Asiya regionunda tutduğu mövqedən danışıb, əfqan xalqının və hökumətinin mövcud problemlərin aradan qaldırmaq yolunda əzmlə çalışdığını deyib. Bu istiqamətdə İŞİD və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə, narkotiklərin qarşısının alınması ilə bağlı tədbirlərin görüldüyünü deyən Məhəmməd Əşrəf Qani son illərdə Əfqanıstanda infrastrukturun yaradılması, qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən də bəhs edib. Əfqanıstanın təbii ehtiyatlarından səmərəli istifadəyə, ölkədə kənd təsərrüfatının inkişafı sahəsində geniş fəaliyyət proqramına başlandığını və uğurla icra edildiyini diqqətə çatdırıb.

Sonda birgə foto çəkdirilib.

"AZƏRTAC"