• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pekində Azərbaycana dair memorandum imzalanıb

Bakı. Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədi Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəşid Alimov imzalayıblar. "AzərTAC"-ın xəbərinə görə, mərasimdə təşkilatın üzvü, müşahidəçi və Dialoq üzrə Tərəfdaşı olan ölkələrin, o cümlədən Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkiyənin, Pakistanın, Monqolustanın, Kambocanın səfirləri iştirak ediblər.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə yeni mərhələyə daxil olan Azərbaycan-ŞƏT əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib. Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunu əldə etmənin ölkəmiz üçün vacib hadisə olduğunu qeyd edən E.Məmmədyarov bildirib ki, Azərbaycanın ŞƏT-də təmsil olunan ölkələr ilə ikitərəfli qaydada dərin münasibətləri var.

ŞƏT-in baş katibi Rəşid Alimov ötən il Bakıda olduğunu və paytaxtımıza heyran qaldığını qeyd edib. Görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyi, sivilizasiyalararası dialoq, nəqliyyat və turizm məsələləri, o cümlədən qədim İpək Yolu üzrə yük daşımaları mövzularına da toxunulub. Qeyd olunub ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycan ilə əməkdaşlığının dərinləşməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.