• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanın birinci xanımı Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda təşkil olunmuş konfransda iştirak edib

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib. "AzərTAC"-ın xəbərinə görə, konfransın aparıcısı görkəmli politoloqu Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışıb. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirərək, burada aktual məsələlərin müzakirə olunacağını vurğulayıb.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu,bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb, ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini vurğulayıb. Birinci xanım Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malik olduqlarını, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurmanın baş vermədiyini də qeyd edib. Mehriban Əliyeva onu da diqqətə çatdırıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib.

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırıb.Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb. 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirib. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə ənənəvi dini icmaların fəaliyyətinə hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğulayıb.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında ölkəmizdə yəhudilərin 7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və Yəhudi evinin fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər. “Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”,- deyən Milix Yevdayev bildirib ki, Azərbaycanda dinlərarası konsensus dövlət siyasəti səviyyəsinə qalxıb və bu sahədə ikili standart yoxdur.

Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Diskussiyaya qoşulan digər iştirakçılar ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə qaydaları, orta məktəblərdə dinin tədrisi və digər məsələlərlə bağlı suallar veriblər.