• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

On iki nəfər Azərbaycan vətəndaşı Latviyanın təhsil təqaüdünə layiq görülüb

Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı qeyd edilən təqaüdə layiq görülüb.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünə layiq görülən digər 28 ölkə üzrə ən çox təqaüd qazanmış ölkələr arasında Azərbaycan 2-ci yerdədir.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərara əsasən, saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Latvia University of Agriculture” və “Riga Graduate School of Law” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə bakalavriat (2 nəfər), magistratura (6 nəfər), doktorantura (2 nəfər) və tədqiqat işi (2 nəfər) üzrə təhsilini davam etdirmək hüququ qazanıblar.

Müvafiq təqaüd proqramı barədə bu il fevralın 8-də elan verilib.