• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzi yaradılacaq

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu il 1 iyun tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılacaq. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.

Uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq. Onların vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif mədəni tədbirlər, ekskursiyalar və əyləncə mərkəzlərinə gəzintilər təşkil olunacaq.

Qeyd edək ki, hazırda nazirliyin sifarişləri əsasında 28 rayonda günərzi qayğı mərkəzi fəaliyyət göstərir. 2019-cu il 1 iyun tarixli Sərəncamın yaratdığı imkanlar nəticəsində 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək.