• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyənin daxili işlərinə müdaxilələr var

Bakı. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qəbul etdiyi qərar ədalətsiz, yanlış və qərəzli qərardır. Türkiyə bu qərarı rədd edir. Biz bu qərarın obyektiv meyarlara əsaslanmadığını düşünürük. Bu fikirləri "AzərTAC"-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Küçükcan Talip deyib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Türkiyə AŞPA-nın qurucu ölkələrindən biridir. Türkiyə və Avropa Şurası birlikdə çox iş görməli olduğu halda, AŞPA-nın bu qərarı əlaqələrə mənfi təsir göstərdi. Qəbul olunan qərara nəzər saldıqda Türkiyədə törədilən terror aktlarının, xüsusilə FETÖ-nün, PKK-nın terror əməllərinin qınanmadığını, bütün bunlara göz yumulduğunu görürük. Bu qərar əslində Türkiyə vətəndaşlarına qarşı təhqirdir. Çünki çoxlu sayda vətəndaşımız terrorun qurbanı olub. Belə qərar nə dərəcədə obyektiv ola bilər?

Türkiyənin bu cür mənfi hallarla mübarizə aparacağını bildirən Küçükcan Talip nümayəndə heyətinin qarşıdakı sessiyalarda iştirak etməyəcəyi qərarına gəldiyini bildirib. O, Türkiyənin Avropa Şurası ilə əlaqələri necə davam etdirəcəyinin hələ ki, qeyri-müəyyən olduğunu vurğulayıb. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, AŞPA-nın daxilində Türkiyə və Azərbaycan əleyhinə qruplar var. Onlar bir araya gəlib assambleyanın sessiyalarını manipulyasiya edir, iclasları istiqamətləndirirlər. AŞPA belə qruplara təslim olmamalıdır.

Küçükcan Talip AŞPA-nın prezidenti və Avropa Şurasının baş katibi ilə görüşəcəklərini və öz tələblərini bildirəcəklərini söyləyib. O vurğulayıb ki, Avropa Şurasının və AŞPA-nın rəhbərləri belə gedişatı dayandırmalıdırlar. Əks təqdirdə, Avropa Şurası nüfuzunu itirəcək. Türkiyəyə qarşı qəbul edilən qərarı diqqətlə nəzərdən keçirdikdə, açıq-aydın görünür ki, ölkəmizin daxili işlərinə müdaxilələr var. Türkiyənin qərarlarını idarə etməyə çalışırlar. Türkiyə suveren dövlətdir. Onun suverenliyinə müdaxilə edilməsinə əsla icazə verməyəcəyik. Avropa Şurası ilə əməkdaşlığımız qarşılıqlı anlayış və hörmətə əsaslanmalıdır. Yalnız qarşılıqlı anlayış, hörmət və ədalət olarsa, əməkdaşlığı davam etdirəcəyik.

“Həmişə olduğu kimi, bu dəfə də Azərbaycandan böyük dəstək aldıq. Azərbaycan nümayəndə heyəti hər zaman yanımızda olub. Türkiyə ilə bağlı qərarın rədd edilməsində də yanımızda oldu. Azərbaycan dövlətinə, xalqına dərin minnətdarlığımızı bildiririk”, - deyə Küçükcan Talip qeyd edib.