• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Zirə Cümə məscidi istifadəyə verilib

Bakı. Zirə Cümə məscidi kompleksi istifadəyə verilib. Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə inşa olunub. "AzərTAC" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə yaradılan şəraitlə tanış olublar. Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərilib. Həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə ölkədə onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib. Təbii ki, bu prosesdə Heydər Əliyev Fondu da xüsusi fəaliyyəti ilə seçilib. Xəzər rayonunun Zirə qəsəbəsində Zirə Cümə məscidinin istifadəyə verilməsi milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Zirə Cümə məscidi kompleksi paytaxtın ən qədim dini ibadətgahlarından biri olub. Tədricən yararsız vəziyyətə düşən məscidin ərazisində 2015-ci ilin əvvəllərindən başlanan tikinti işləri qısa vaxtda yeni məscid kompleksinin yaranması ilə nəticələnib. Ümumi sahəsi 3 min 400 kvadratmetr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb. Kompleksin əsas hissələrindən biri olan zalda dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kompleksin ərazisində kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Texniki və yardımçı otaqlar da məscid kompleksinin əhəmiyyətini daha da artırır. Kompleksin ərazisində geniş yaşıllaşdırma işləri görülüb.

Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə xalqımızı təbrik edən Mehriban Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub. Xəzər rayonunun sakinləri onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırlayıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğulayıb. Mehriban Əliyeva qəsəbə sakinlərinə onun böyük hörmətini və təbriklərini çatdırmağı xahiş edib.