• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran və Azərbaycan mediası arasında birbaşa əlaqələr yaranıb

Bakı.Bugün Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüş keçirilib. "AzərTAC" xəbərində bildirilir ki, görüşdə Azərbaycanın bir sıra KİV nümayəndələri iştirak edib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb. Mətbuat Şurasının əsas vəzifələri haqqında səfirə ətraflı məlumat verən Ə.Amaşov bildirib ki, bu gün ölkəmizdə 40 qəzet, 10 telekanal, 15 regional televiziya və radio fəaliyyət göstərir. Bununla yanaşı, ölkə əhalisinin 80 faizi internetə çıxış əldə edib və vətəndaşlarımız söz azadlığından istifadə etməklə fikirlərini sosial şəbəkələrdə maneəsiz bölüşə bilirlər.

Ə.Amaşov Azərbaycan ilə İran arasında əlaqələrin tarixinə nəzər salaraq deyib: “Bu gün ölkələrimiz arasında əlaqələr hərtərəfli inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də İran İslam Respublikası olub. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bütün bunların nəticəsidir ki, bu gün hər iki dövlət beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir”.

Azərbaycan və İran mediası arasında əlaqələrin inkişafından danışan Mətbuat Şurasının sədri vurğulayıb ki, son illərdə media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunub. Gələcəkdə mətbuat sahəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu yaxınlarda iki ölkənin sərhəd rayonlarında jurnalistlərin görüşünün keçirilməsi planlaşdırılır.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin çıxış edərək mətbuatın artan rolundan danışıb. Səfir qeyd edib ki, bu gün media dünyada sülh və əmin-amanlığın bərqərar olmasında əvəzsiz rol oynayır.

“Hazırda Azərbaycan və İran münasibətləri ən yüksək səviyyədədir. İki ölkə bütün sahələrdə bir-birini dəstəkləyir. Ölkələrimiz regionda sülh və sabitliyin bərqərar olması üçün eyni mövqedən çıxış edirlər. Bu sahədə medianın da rolu xüsusi vurğulanmalıdır. Səfir olduğum müddətdə çalışmışam ki, hər bir sahədə, o cümlədən media sahəsində əlaqələrimiz maksimum inkişaf etsin. Sevindirici haldır ki, iki ölkənin mediası arasında birbaşa əlaqələr yaranıb. Bu gün İranda Azərbaycanın "AzərTAC", "Trend" və "APA" informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. Həmçinin Azərbaycanda "İran Radio və Televiziya Təşkilatı"nın və "İRNA" xəbər agentliyinin nümayəndəliyi yaradılıb. Media sahəsində əlaqələrin genişləndirilməsi üçün jurnalist tələbələrin mübadiləsinin aparılması, o cümlədən KİV əməkdaşları arasında idman yarışlarının təşkili kimi layihələr də həyata keçirilməlidir”, - deyə diplomat vurğulayıb.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu İran və Azərbaycanın media kontekstindəki əlaqələrindən və yaxın perspektivlərindən danışıb. Bildirilib ki, media sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur və bu əlaqələr gələcəkdə də davam etdirilməlidir. Sonda səfir Möhsün Pakayin Mətbuat Şurası tərəfindən Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətlərində göstərdiyi xidmətlərə görə təltif olunub.