• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Martda Bakının baş planının hazırlanmasının ikinci mərhələsinə başlanılacaq

Bu ilin martında Bakının baş planının hazırlanması işinin ikinci mərhələsinə başlanılması planlaşdırılır.

Bu barədə komitənin sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniştərkibli kollegiya iclasında deyib.

S.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin olunub, tikinti fəaliyyəti də daxil olmaqla bir çox sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. İqtisadiyyatın aparıcı sektorlarından biri olan tikinti sektorunun inkişafı, ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir. 2018-ci ildə ümumi sahəsi 2 milyon 84 min 700 kvadratmetr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Komitə sədri ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklərin beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzində olduğunu deyib: "Həyata keçirilən islahatlar, öz növbəsində Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankının yaydığı "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan, həmçinin "Tikinti üçün icazələrin alınması" indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib".

Diqqətə çatdırılıb ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili dövlət başçısının xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bu proseslərin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsi Prezident İlham Əliyev tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş başlıca vəzifələrdəndir.

S.Nuriyev ölkə rəhbərliyinin tapşırıqlarına əsasən, son dövrdə şəhərsalma sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirib ki, şəhərlərin dayanıqlı inkişafını və idarə olunmasını təmin edən əsas ərazi planlaşdırılması sənədi baş plandır və bu gün komitədə baş planların qanunvericiliyin tələblərinə, eyni zamanda, aparıcı dünya təcrübəsinə uyğun hazırlanmasına xüsusi diqqət verilir. 2018-ci ildə komitə Bakı şəhərinin baş planının hazırlanması işini müasir standartlara əsasən təşkil etmək məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi – "Boston Consulting Group" şirkətini əməkdaşlığa cəlb edib. İki mərhələdən ibarət olan baş planın hazırlanması işinin artıq yekunlaşdırılmış ilk mərhələsi nəticəsində Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib. Bununla yanaşı, birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin seçilməsi üçün müvafiq layihə tapşırığı hazırlanıb və şirkətin müəyyənləşdirilməsi üçün açıq tender elan olunub. Tenderin nəticələrinin cari ilin mart ayında elan olunaraq, Bakı şəhərinin baş planının hazırlanması işinin ikinci mərhələsinə başlanılması planlaşdırılır.

Qeyd edilib ki, ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin hazırlanması yekunlaşdırılıb, Biləsuvar şəhərinin baş planının işlənməsi isə başa çatmaq üzrədir. Eyni zamanda, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilib. Hazırda ölkəmizdə təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda, 2019-cu ildə hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir.

Komitə sədri ölkə başçısının 2018-ci il ərzində imzaladığı bir neçə fərmana əsasən, qurumun məsuliyyətinin artırılması, şəhərsalmanın planlaşdırılması, tikintinin layihələndirilməsi və təşkili sahəsində aparılan islahatlar barədə danışaraq "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanını xüsusi vurğulayıb. Bildirib ki, bu Fərmana əsasən hazırlanaraq tezliklə istifadəyə veriləcək elektron sistem vasitəsilə tikinti sifarişçisi ilkin olaraq Bakı şəhəri üzrə, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazəni "bir pəncərə" prinsipi əsasında elektron formada ala biləcək.

S.Nuriyev qeyd edib ki, hesabat dövrü ərzində komitə tərəfindən səyyar və kameral qaydada dövlət şəhərsalma nəzarəti həyata keçirilib və aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb. 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan "Göstəriş" tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Baş Prokurorluğa təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb.

Sonra komitə aparatının rəhbəri, kadr məsələləri şöbəsinin müdiri və Bakı Dövlət Layihə İnstitutunun direktoru 2018-ci ildə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.

İclas çərçivəsində komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul olunub.