• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi İran və Azərbaycanın milli maraqlarına cavab verir

Bakı. Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir. "AzərTAC"-ın məlumatına görə, bu sözləri yerli mətbuata açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi deyib. Xəbərdə bildirilir ki, nazir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi və iki ölkənin tranzit xətlərinin birləşdirilməsi ilə Hindistandan Avropayadək yükdaşımalarının həm vaxt və həm də maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsinə şərait yaranacağına əminliyini vurğulayıb. 

M.Vaizi açıqlamasında onu da bildirib ki, oktyabrın 9-da Astaradakı (Azərbaycan) görüş çox səmimi atmosferdə keçib və faydalı müzakirələr olub. Nazir İran ilə Azərbaycan arasındakı əlaqələrin bu gün də çox yüksək səviyyədə olmasından məmnunluğunu qeyd edib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının dekabr ayında Tehranda keçirilməsi nəzərdə tutulur.

M.Vaezi, həmçinin deyib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ölkələrimizin milli maraqlarına cavab verir. Bu dəhliz vasitəsilə İrandan çıxan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Azərbaycan tranzit daşımalardan gəlir əldə etməklə yanaşı, öz yüklərini də Fars körfəzi məntəqəsinə çatdıra biləcək.