• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Kimyaçı alimlərimizin elmi məqaləsi “Springer” nəşriyyatı tərəfindən çap olunmuş kitaba daxil edilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri Asif Məmmədov, Ziya Əliyev və Məhəmməd Babanlının elmi məqaləsi “Springer” nəşriyyatı tərəfindən çap olunmuş “Qeyri-səlis sistemlərin və soft kompyutinqin nəzəriyyəsi və tətbiqi üzrə XIII beynəlxalq konfransın materialları” kitabına daxil edilib.

Məqalə institut əməkdaşlarının görkəmli alim, professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin kimyəvi sistemlərə tətbiqinə həsr olunmuş ilk elmi əsəridir.

Məqalədə qeyri-səlis sistemlərin çoxhədəfli genetik alqoritmi vasitəsilə faza tarazlıqlarının termodinamiki hesablanması üçün yeni tənliklər sistemi alınıb. Habelə likvidus və solidus sahələri, bərk məhlulların binodal və spinodal sərhədlərinin ilkin termodinamiki parametrlərə (ərimə entalpiya və entropiyası, komponentlərin termodinamiki aktivliyi) nəzərən həssaslığı qiymətləndirilib. Müəyyən edilib ki, faza diaqramlarının koordinatlarının entropiyanın qiymətlərinə nəzərən həssaslığı entalpiyanın qiymətlərinə nisbətən bir tərtib çoxdur.