• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İsveçrənin tanınmış musiqi simaları ölkəmizdə konsert verəcək

Martın 30-da İsveçrə musiqisinin tanınmış simaları Mark Aymon və Efraim Salzman Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək. İsveçrənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan konsert Frankofoniya Həftəsi çərçivəsində reallaşacaq. Aprelin 1-də isə isveçrəli musiqiçilər Sumqayıt Dövlət Dram Teatrında konsert verəcək.

“Ah gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, Mark Aymon 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olub. O, səyahət və incəsənətə vurğun bir müğənnidir. “The astronaut”, “An almond tree in winter”, “Marc Aymon” və “Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları xüsusilə Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransızdilli ölkələrdə məşhurdur. İfaçı, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı, Nyonda Paleo Festivalı da daxil olmaqla, bir sıra məşhur festivallarda iştirak edib.

Efraim Salzman 1975-ci ildə İsveçrənin Naters şəhərində dünyaya göz açıb və uşaqlıqdan musiqi ilə məşğul olub. O, 20 ildən artıqdır İsveçrə və Almaniyada konsert proqramları ilə çıxış edib.