• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzalayıb

Bakı. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalayıb. Əmr "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadion, arena, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə imzalanıb.

"AzərTAC"-ın xəbərinə görə, əmrə əsasən, nazirliyin şöbə və müəssisələrinin, habelə, yerli informasiya texnologiyaları şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb. Qərargah oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlərin görülməsini həyata keçirəcək. Eyni zamanda, oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılması, texniki təkliflərin hazırlanması, məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssis və əlavə ekspertlər cəlb edilməsinin təmini qərargahın öhdəliklərinə daxildir. Bundan başqa, oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə olunmasının təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə əlaqələndirici işçi qrupu da təyin olunub.