• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd edilİB, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib. Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verib.