• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda ISESCO Baş Konfransının XII sessiyasının açılışı olub

Bakı. Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub. Sessiyada Prezident İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak ediblər. Açılış mərasimində beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.

Təşkilatın ali qərarverici orqanı olan Baş Konfrans hər üç ildən bir toplanır. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən Baş Konfrans zamanı təşkilatın fəaliyyət sahələrinə aid olan məsələlərlə bağlı əlaqələndirmə və qiymətləndirmə həyata keçirilir, qurumun növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Dövlətimizin başçısı sessiyada çıxış edərək, qonaqları salamlayıb. C-nun dünya miqyasında nüfuzlu təşkilat olmasından, qurumun rəhbərliyi və dəstəyi ilə ilə görülən işlər haqqında məlumat verən Prezident qurumun Azərbaycana verdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib: "Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq".

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri isə çıxışında konfransın builki sessiyasının qəbul edildiyinə və tədbirin uğurla keçməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edib. İSESCO–nun rəhbərlik etdiyi təşkilatın təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən də danışan baş direktor İslam dünyasında olan ciddi vəziyyətlərin, bütün üzv dövlətlərin üzləşdiyi çağırışların aradan qaldırılması üçün səylərin birləşdirilməsinin və bütün imkanlardan istifadə etməyin vacibliyinə diqqət çəkib.

Daha sonra mükafatlandırma mərasimində ISESCO-nun 2015-ci il üzrə “Savadlılıq” mükafatına Nigeriyanın nümayəndəsi layiq görülüb. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.