• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İordaniya-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var

Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev İordaniya parlamenti Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Nidal Mahmud əl-Təani ilə görüşüb.

Nidal Mahmud əl-Təani İordaniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi köklərə əsaslandığını qeyd edib, Kral II Abdullah ilə Prezident İlham Əliyev arasındakı qardaşlıq münasibətlərinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açdığını vurğulayıb.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 40-dan çox sənəd imzalandığını qeyd edən komitə sədri hər iki xalqın mənafeyi naminə həmin sənədlərin icrasının daha da fəallaşdırılmasının zəruriliyini vurğulayıb. O, iki dost ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün İordaniya tərəfinin səylərinin daha da gücləndiriləcəyini vurğulayıb.

Nidal Mahmud əl-Təani regionda cərəyan edən siyasi proseslər nəticəsində İordaniyanın qarşılaşdığı sosial-iqtisadi problemlər barədə məlumat verib, Fələstin probleminin “iki dövlət” prinsipi əsasında həllini regionun inkişafı üçün zəruri hesab edib.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi sədrinin müavini Novvaf Hüseyn Fərhan Naimat 2018-ci il dekabrın 14-15-də Bakıda keçirilmiş Beynəlxalq Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin 5-ci Qlobal Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu məmnunluqla qeyd edib, toplantının əhəmiyyətini vurğulayıb. Azərbaycanın son illər ərzində böyük inkişafa nail olduğunu bildirən N.H.F.Naimat ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü xanım Muntəhə Abdulcavad Əhməd isə hər iki ölkənin geniş turizm imkanlarına malik olduğunu bildirərək, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səfir R.Rzayev Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı münasibətlərin əsl dostluq və qardaşlıq nümunəsi olduğunu vurğulayıb. Bildirib ki, İordaniya ilə iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə yüksəldilməsində Azərbaycan tərəfi də maraqlıdır. O, ötən il Əmmanda keçirilmiş Hökumətlərarası Komissiyanın 3-cü iclasında imzalanmış Protokolun əhəmiyyəti barədə danışıb. Bakı Media Mərkəzinin “Oralar” səyahət verilişinin əməkdaşlarının keçən il sentyabrın 17-dən 23-dək İordaniyanın turizm yerlərində çəkilişlər apardığını, hazırlanmış sənədli filmin Azərbaycan televiziyasında nümayiş etdirildiyini qeyd edən diplomat bu addımın İordaniyanın turizm imkanlarının ölkəmizdə təşviqinə xidmət etdiyini bildirib. Səfir iki ölkə arasında əməkdaşlığın, xüsusilə, iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində əlaqələrin gücləndirilməsi üçün Əmman və Bakı arasında birbaşa hava xəttinin açılmasının əhəmiyyətini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir İordaniya Senatının Xocalı soyqırımı haqqında qəbul etdiyi qərarın Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, dost İordaniya parlamentinin üzvlərini Xocalı soyqırımının ildönümü ilə bağlı fevralın 27-də Əmmanda keçiriləcək anım mərasiminə dəvət edib.

N.M.əl-Təani Xocalı soyqırımının ildönümü ilə bağlı keçiriləcək anım mərasimində iştirak edəcəklərini bildirib.