• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziya Azərbaycanı enerji sahəsində əməkdaşlığa dəvət edir

Bakı. İndoneziya Azərbaycanla təkcə neft-qaz sektorunda deyil, digər enerji sahələrində də əlaqələrini genişləndirməkdə maraqlıdır. İndoneziya Azərbaycanı reallaşdırılması nəzərdə tutulan elektrik enerjisi, alternativ və bərpa olunan enerji mənbələri sahələrini əhatə edən layihələrdə iştiraka dəvət edir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaja Puca deyib. O bildirib ki, İndoneziya ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq 2005-ci ildən başlayıb. Sonradan bu əlaqələr İndoneziyanın “Pertamina” dövlət neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən daha da inkişaf etdirilib. İndoneziya və Azərbaycanın neft şirkətlərinin əməkdaşlıq əlaqələri hər iki ölkə üçün böyük gəlir mənbəyidir.

“Əlbəttə ki, biz Azərbaycanla əlaqələrimizi genişləndirmək niyyətindəyik. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq İndoneziya yeni enerji layihələri həyata keçirəcək. Bu layihələr təkcə neft-qaz sektorunu deyil, həmçinin də elektrik enerjisi, alternativ və bərpa olunan enerji mənbələri sahələrini əhatə edəcək. Biz istəyirik ki, Azərbaycan İndoneziyada reallaşdırılması nəzərdə tutulan bu layihələrdə fəal iştirak etsin. Çünki Azərbaycanın qazandığı təcrübədən faydalanmaq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin biz istəyirik ki, həmin sahələrin inkişafında iki ölkənin də təcrübəsindən istifadə olunsun”, - deyə Qusti Nyoman Viratmaja Puca qeyd edib.