• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İƏT-in baş katibi Yeni Zelandiyada törədilmiş terror aktını pisləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum nəticəsində 49 nəfərin həlak olması ilə bağlı bəyanat yayıb.

Baş katib “günahsız müsəlmanların” öldürüldüyü bu terror aktını pisləyib. O əlavə edib ki, bu vəhşi qətliam dünyada bütün müsəlmanları kədərləndirib və dərindən sarsıdıb, islamofobiyanın, kin və nifrətin artmasına səbəb olub, tolerantlıq və dinlər arasında dialoqa ciddi təhlükə yaradıb. Yusif bin Əhməd əl-Useymin ümidvar olduğunu bildirib ki, Yeni Zelandiyanın hüquq-mühafizə orqanları cinayətin bütün iştirakçılarını cəzalandırmaq üçün lazımi tədbirləri görəcəklər. Eyni zamanda, baş katib həmin ölkənin hakimiyyət orqanlarını müsəlmanların təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməyə çağırıb.

Yusif bin Əhməd əl-Useymin terror aktı nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.