• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürü

Bakı. Dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərmiş, müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilir. Burada yaşanan izdiham xalqın ulu öndər Heydər Əliyevə tükənməz məhəbbətinin daha bir parlaq təzahürüdür.

"AzərTAC"ın yaydığı məlumatda bildirilir ki, Fəxri xiyabana üz tutan hər kəs ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini, liderlik və xilaskarlıq missiyasını axıradək şərəflə yerinə yetirdiyini yaxşı xatırlayır. Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb.

Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.

Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olar. Burada Azərbaycanın bütün guşələrindən gələn insanlar, xarici ölkələrdən olan qonaqlar da var.

Fəxri xiyabana gələnlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da təsadüfi deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad göstərirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla xatırlanır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirlər.