• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünya vətəndaşı

Belə bir məsəl var: hər güclü şəxsiyyətin arxasında bir qadın dayanır. Lakin güclü şəxsiyyətə arxa olmaqla bərabər kölgədə qalmayıb, onunla yanaşı mübarizə meydanında çətinliklərə sinə gərən, xeyirxah əməlləri təkcə öz ölkəsinin hüdudlarına sığmayan ağıllı, savadlı, mənən güclü qadınları tarixdə barmaqla saymaqla olar. Belə unikal qadınlardan biri Azərbaycan Respublikasının 1-ci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır

Azərbaycan mədəniyyətinin təbliği və milli irsin qorunması yolunda görülən böyük işlər, dünya mədəniyyətinə, sivilizasiyalar dialoquna verdiyi töhfələr onu ictimai-siyasi xadim kimi, tarixi abidələrin hamisi kimi gözlərimizdə ucaldır.

Mehriban xanım geniş erudisiyası, dərin biliyi, ağıl və zəkası, intellekti ilə bəşər sivilizasiyasına qulluq edən qeyi-adi ziyalılardandır. Azərbaycandan çox zəngin və böyük dövlətlərin başçılarının xanımları sırasında Mehriban xanım öz fəaliyyəti, xalqın qayğısına qalması, mədəniyyətlərin yaxınlaşmasına xidməti, ölkəsinin təbliği üçün böyük işlər görməsi ilə fərqlənir. Bütün bunları geniş xalq kütləsi görür, qiymətləndirir, ölkəsinin 1-ci xanımına səmimi ehtiram bəsləyir.

Azərbaycan xalqının Mehriban xanıma bu səmimi ehtiramı o, hələ 1-ci xanım olmadığı dövrlərdən yaranmışdır. 90-cı illərdən Mehriban xanım “Azərbaycan Mədəniyyətinin dostları” cəmiyyətini yaratmış, xalqının qədim mədəniyyət nümunələrini – musiqisini, rəngkarlıq sənət nümunələrini, folklorunu, maddi və qeyri-maddi abidələrini dünyaya tanıtmağa başlamışdır. O dönəmlərdə buna daha böyük ehtiyac vardı. Bu xalqı geridəqalmış, tarixi, mədəniyyəti olmayan bir toplum kimi qələmə verən güclər vardı. Dünyada bizi yaxşı tanımırdılar, çox vaxt “qara rus” adlandırırdılar. Mehribn xanımın bu fəaliyyəti Heydər Əliyev Fondu (2004-cü il) yaradılandan sonra daha da genişləndi. Fondun təşkilatçılığı ilə Avropa mədəniyyətinin beşiyi olan İtaliyanın, Fransanın və digər ölkələrin məşhur salonlarında Azərbaycan musiqiçilərinin konsertləri təşkil edildi, rəssamların, digər sənət ustalarının əsərləri nümayiş olunan sərgilər keçirildi. Bir neçə il öncə Parisin məşhur konsert salonunda Mehriban xanımın və Fransanın mədəniyyət naziri Mitteranın iştirakı ilə Azərbaycan sənət ustalarının verdiyi konserttə baxanda, Parisin elitasının gurultulu alqışlarını eşidəndə Bakıda çoxlarının sevincdən gözləri yaşardı. Mehriban xanım həm də öz şəxsiyyəti, davranışı, görünüşü ilə Fransa ictimaiyyətində Azərbaycan müsəlman-türk qadını haqqında xoş təəssürat yaratdı. Bu ölkədə Azərbaycan insanı haqqında bədxahların yaydığı yanlış təsəvvürləri alt-üst etdi.

90-cı illərdən Mehriban xanımın digər fəaliyyət sahəsi Bakıda olan uşaq evlərini, sanatoriyaları, məktəbləri hamiliyə götürməsi oldu. Həmin çətin illərdə erməni terrorçu güclərin soyqırımı nəticəsində valideynlərini tirib kimsəsiz qalmış, atılmış, ailənin maddi durumunun ağırlaşması səbəbindən bu müəssisələrə verilmiş uşaqların vəziyyəti daha da ağırlaşmışdı, bir çox məktəblər uçub dağılırdı, təmir edilməli idi.

Mehriban xanım peşəcə uşaq həkimidir, uşaqların dövrəsində olmaq, yardım etmək onun xislətindədir. Kimsəsiz, əlil uşaqlara hədiyyələr paylayan Mehriban xanımın adətən sakit baxışlarında necə böyük sevinc yaşadığı televizor ekranlarından da görünürdü. Onun hamiliyi ilə Bakı meqapolisindəki bütün uşaq müəssisələri bərpa edildi, yeniləri tikildi və bu proses hələ davam edir. Xüsusilə, Abşeronda talasemiya xəstəliyinə qarşı mərkəzlər yaradılması, bu xəstəliyin cilovlanması Mehriban xanımın xidmətlərinin nəticəsidir.

Yuxarıda qeyd etdiyimiz kimi, Mehriban xanımın fəaliyyəti Azərbaycan sərhədlərini aşmışdır. İlahidən həm daxili, həm də xarici gözəllik verilmiş amalı insanlara yaxşılıq etmək olan Azərbaycanın 1-ci xanımı təkcə doğulduğu torpaqda deyil, bütün dünyada bəşəriyyətin yaratdığı tarixi-mədəni abidələrin taleyini düşünür. Onun prezidenti olduğu Heydər Əliyev Fondu ümumbəşəri mədəniyyət abidələrinin bərpasında iştirak edir. Dünya irsinin siyahısında olan Paris Versal sarayının parkında zamanın və havanın təsirindən zərər çəkmiş iki abidə bərpa olunmuşdur. Strasburq Kafedral Kilsəsinin vitrajlarının təmirinə də maddi yardım göstərilmişdir. Keçən il iyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalandı. Fondun dəstəyi ilə Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da bərpa olunmuş, 2012-ci ilin sentyabrında Parisin Luvr muzeyində İslam incəsənətinə həsr edilmiş yeni zallar açılmışdır. Açılışda Əliyevlər cütlüyü və Fransa Prezidenti F.Olland iştirak etmişlər. Bir gün sonra isə Fondun dəstəyi ilə Eyfel qülləsi yaxınlığında “Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi oldu. Belə bir mərkəz Vyanada da yaradılmışdır. Həmin ilin noyabrında H.Əliyev Fondunun təşəbbüsü ilə” Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi düzənləndi. Azərbaycan Vatikanda mədəni dəyərlərini nümayiş etdirən ilk müsəlman ölkəsi oldu.

Mehriban Əliyeva Qərbdə olduğu kimi, Şərqdə də, özəlliklə İslam ölkələrində böyük hüsn-rəğbət qazanmışdır. Müsəlman qadınları Mehriban xanıma yenilənmiş müsəlman qadınının simvolu kimi baxırlar, onu ictimai fəallıqda özlərinə örnək sayırlar. Yeri gəlmişkən deyək ki, çağdaş Azərbaycan İslam Şərqi ölkələri üçün bir örnək, model rolunu oynayır. Bunu müsəlman ölkələrindən Bakıda çalışan bir sıra diplomatlar, iş adamları da təsdiqləyirlər.

Ölkəmizin birinci xanımı çıxışlarının birində demişdir: “Qadınlara qarşı ayrıseçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda təhsil imkanlarının genişlənməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır (1918-20-ci illər – red.). Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir”.

Pakistanda ingilis və urdu dillərində çıxan qəzet və jurnallarda xanım Fərhadk Nurun Heydər Əliyev Fondunun Prezidentinə həsr etdiyi yazılarında da Mehriban xanımın Pakistana qadınlarına bir örnək olması göstərilmişdir. Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətlərindən, fördüyü böyük nəcib işlərdən heyranlıqla yazan müəllif onun Pakistanda gördüyü xeyriyyəçilik işlərini diqqətə çatdırır: 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi üçün yeni bina tikilmiş, məktəbə Mehriban Əliyevanın adı verilmişdir. Kimsəsizlər evlərində, serebral iflic klinikasında, uşaq və qadın xəstəxanalarında hepatitB virusuna qarşı müayinələr aparılıb peyvəndlər edilmiş, xeyriyyə fondlarına yardımlar göstərilmişdir. Peşəvar şəhərində Həmzə Xeyriyyə Fonduna qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım maşını, minlərlə qanköçürmə paketləri bağışlanmışdır.  Xayver Göz Fondunun göz xəstəlikləri klinikasının yeni blokunun tikintisinə maddi yardım edilmişdir.

Azərbaycan xalqı uşaqdan böyüyə, şikəstdən idmançıyadək bütünlüklə öz 1-ci xanımına ehtiram bəsləyir. Hər kəsə qismət olmayan bu xalq sevgisini o, öz əməyi, insanlara əl tutması, dövlətimizə xidməti ilə qazanmışdır. Təkcə bir məsələni yada salım: Azərbaycan milli musiqinin tacı sayılan muğamı TV kanallarında şoular, işbazlar çox sıxışdırmışdı. Muğam ifaçıları az hallarda ekrana çıxa bilirdilər. Bu qədim musiqi janrının tarixin arxivinə verilməsi təhlükəsi yaranmışdı. Mehriban xanımın təşəbbüsü ilə paytaxtın ən möhtəşəm yerində - Bakı Bulvarında Muğam Mərkəzi tikildi. İndi burada yerli və beynəlxalq səviyyədə konsertlər təşkil olunur, gənc muğam ifaçılarını üzə çıxarmaq üçün müsabiqələr keçirilir.

Mehriban xanım idman sahəsində də yüksək təşkilatçılıq bacarığını göstərmişdir. 2002-ci ildən prezindenti olduğu Gimnastika Federasiyasının böyük uğurlar qazanmasına səbəb olmuşdur. Bədii gimnastika üzrə 2003-2004-cü illərdə Dünya Kuboku yarışının, 2005-ci ildə Dünya çempionatının, 2007 və 2009-cu illərdə Dünya birinciliyinin Azərbaycanda keçirilməsi barədə qərarın qəbulunda onun nüfuzu həlledici rol oynamışdır. 2014-cü ildə bədii gimnastika Avropa çempionatı da Bakıda keçirilmişdir. Dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçirilməsi qərara alınmış I Avropa Oyunları Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Bu, bütün dünyaya səs salmış, təşkilatri işlərə görə nümunə göstərilən, Bakıda keçirilmiş “Eurovision 2012” musiqi yarışmasında Mehriban xanımın göstərdiyi təşkilatçılıq bacarığının nəticəsi idi.

Mehriban xanımın humanist fəaliyyəti, gördüyü işlər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O, Fransanın “Şərəf legionu”, Polşanın “Böyük komandor” ordeninə, YUNESKO-nun “Qızıl Motsart” medalına, “Birlik ulduzları” dövlətlərarası mükafata, “Yüzilliyin mesenatı” Beynılxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, “Qızıl ürək” mükafatına, müxtəlif ölkələrin, təşilatların çoxsaylı mükafatlarına layiq görülmüşdür.

Elə ictimaiyyətçi, xeyriyyəçi, bilim adamları var ki, onların ideyaları, arzu və istəkləri, fəaliyət dairəsi öz ölkələrinin hüdudlarına sığmır, dünya ilə nəfəs alır, bütün Yer üzünü öz vətəni sayır, bəşəriyyətin taleyini düşünürlər. Doktor Mehriban Əliyeva da belə insanlardandır. O, iki nüfuzlu beynəlxalq humanitar təşkilatın xoşməramlı səfiri kimi bunu təsdiqləmişdir. Hələ gənc, həyarta, gözəlliyə bəşəri sevgisi olan bu incə, lakin güclü qadın sivilizasiyaların dialoqunda, Qərb və Şərq mədəniyyətlərinin, insanlarınının inteqrasiyasında çox işlər görəcəkdir. Həm Qərbdə, həm də Şərqdə qəbul olunub sevilən Mehriban xanım bu inteqrasiyanı öz şəxsiyyəti ilə artıq sübut etmişdir.

Əgər “Yer kürəsinin vətəndaşı” fəxri adı təsis edilsəydi, heç şübhəsiz Dr. Mehriban xanım Əliyeva bu siyahıda birincilər sırasında olardı.

Mehriban xanım xalqa, elmə, sözə xidmət etmiş babaları - məşhur yazıçı, alim Mircəlal Paşayev və tanınmış redaktor, jurnalist Nəsir İmanquliyevin, atası tanınmış fizik Arif Paşayevin, anası məşhur ərəbşünas, mənim müəllimim olmuş doktor Aidə İmanquliyevanın şəcərə ağacının meyvəsidir.

Uca Tanrı kamilləşməsini istədiyi bəşər övladlarına peyğəmbərlər göndərmir artıq... Onlara örnək üçün mələk ruhlu və xislətli xeyirxah insanlar yetişdirir...