• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Dünyada 72 milyon insan yalnız jest dilində ünsiyyət saxlayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Jestlərin tanınması metodlarının analizi” mövzusunda dəyirmi masa keçirilib.

Müəssisənin baş mütəxəssisi Kəmalə Qurbanova jest (işarə) dilinin tətbiq sahələri, növləri, müasir vəziyyəti və daktil əlifba (əlin müxtəlif vəziyyəti ilə hərflərin canlandırılmasını nəzərdə tutan əlifba) barədə ətraflı məlumat verib. Məruzəçinin sözlərinə görə, jestlərin kombinasiyasından hazırlanan müstəqil dil olan jest dilinin yaranma kökləri uzaq keçmişə bağlıdır. Ümumdünya Karlar Federasiyasının məlumatına görə, dünyada yalnız jest dilində ünsiyyət saxlayan təxminən 72 milyon eşitmə və nitq əngəlli insan yaşayır. Azərbaycanda isə onların sayı 10 mindən çoxdur.

K.Qurbanova informasiyanı qeyri-verbal ötürülməsi problemlərini öyrənən elm sahələrindən, qeyri-verbal semiotika növlərindən, statik və dinamik jestlərdən danışıb.

Məruzəçi jestlərin avtomatik tanınması sistemlərindən bəhs edərək şifahi danışığı jestə çevirən, jesti səsə və ya mətnə çevirən sistemlərin mövcud olduğunu söyləyib.

O, həmçinin jestlərin tanınma prosesinin mərhələlərini və jestlərin qeyd edilməsi texnologiyaları, onların üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev İKT-nin imkanlarından yararlanaraq dünyada eşitmə qüsuru olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə rolunun artırılması və təhsil almaları üçün kompleks tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, eşitmə qüsurlu insanların həyatını asanlaşdırmaq məqsədilə jestlərin tanınması metodlarının və proqram təminatının köməyi ilə bu prosesin avtomatlaşdırılmasının həyata keçirilməsi böyük səmərə verə bilər. Alim, həmçinin bütün ölkələrin jest dillərinin kəsişməsindən yaranan vahid, beynəlxalq jest dilinin hazırlanmasının zəruriliyini qeyd edib.