• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Fuad Ələsgərov: Dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil

Bakı. "Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsun. Azərbaycanın gələcəyi daha da xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi, Vətənimizi qoruyacaqlar. Arzu edirəm ki, gənclərimiz hər zaman ulu öndər Heydər Əliyevin ideyaları əsasında yaşasınlar" - bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. "AzərTAC"-ın xəbərinə görə, şöbə rəhbəri dini radikalizm və digər neqativ halların Azərbaycan cəmiyyətinə xas olmadığını vurğulayıb.

“Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Belə qruplara qoşulan gəncləri düz yola dəvət edirik”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.