• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi

Bakı. Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu öz işinə başlayıb. Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələr iştirak edirlər. Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsidir.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda Azərbaycanda qadın hərəkatına dair film nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda gender bərbərliyinin təmin edilməsi üçün önəmli addımlar atılır, qadın hüquqlarının qorunmasına hər zaman diqqət yetirilir. Hicran Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi hüquqlardan danışıb. O vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi müasir müstəqil Azərbaycanda demokratik dövlət quruculuğu daha da inkişaf etdirilir. Bütün bunların fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlayıb. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrinə, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. Qadınlarımız müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, ölkəmizin maraqlarını müdafiə edirlər. Alim qadınlarımız dünya elminə töhfələr verirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda gender bərabərliyini xüsusi qeyd edirlər.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.

Çıxışlarda Azərbaycan qadınının 100 il ərzində qazandığı uğurlardan bəhs olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Forum çərçivəsində “Ekologiyada qadınlar və qida təhlükəsizliyi”, “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik”, “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar”, “Qadınlar və İKT: reallıq və perspektivlər” mövzularında panel iclaslar keçiriləcək. Sonda Forumun yekun qətnaməsi qəbul ediləcək.