• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pekində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib

Bakı. Noyabrın 26-da Pekində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib. İki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın növbəti iclasının gündəliyində əsasən nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Çindən Avropaya və əksinə istiqamətdə yüklərin daşınmasında nəqliyyat-logistika imkanlarından istifadə, kənd təsərrüfatı, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu kimi məsələlər olub. "AzərTAC"-ın xəbərinə görə, Komissiyanın Çin tərəfdən həmsədri, kommersiya nazirinin müavini Con Şan ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Azərbaycanın Cənubi Qafqazda Çinin vacib tərəfdaşı olduğunu qeyd edən C.Şan dövlət başçılarının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə bağlı mövqelərinə istinad edərək, müvafiq qurumların bu istiqamətdə fəaliyyətini genişləndirməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə hökumətlərarası komissiyanın üzərinə böyük iş düşdüyünü deyib.

Baş nazirin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Abid Şərifov ölkəmizin son illər iqtisadi inkişafı barədə məlumat verərək, dünyada hökm sürən maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycanın stabil inkişafının təmin edildiyini diqqətə çatdırıb. Çin ilə münasibətlərin genişlənməsinin Azərbaycanın beynəlxalq əməkdaşlığında prioritet istiqamət olduğunu qeyd edən A.Şərifov ölkəmizdə Çin kapitalı ilə yaradılmış onlarla şirkətin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın Avropa-Qafqaz-Asiya yük daşımaları dəhlizindəki əlverişli mövqeyindən istifadə etməklə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin, kənd təsərrüfatı və alternativ enerji sahələri üzrə birgə müəssisələrin yaradılmasının, qarşılıqlı sərmayə qoyuluşunun artırılmasının, bu istiqamətdə Azərbaycanda yaradılmış sənaye və kimya parklarına Çin şirkətlərinin cəlb olunmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.  Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin işğalçı Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinin bölgədə sülhə və sabitliyə təhlükə olduğunu, iqtisadi inkişafa maneə yaratdığını bildirib.  Azərbaycan tərəfdən komissiyanın üzvləri çıxışlarında ölkəmizin nəqliyyat-logistika imkanları, yük daşımalarında əlverişli mövqeyi və infrastrukturun inkişafı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat veriblər.

Sonda iclasın protokolu imzalanıb.  Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Baş nazirinin müavini Van Yan ilə görüşü olub. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunan görüşdə Hökumətlərarası Komissiyanın 5-ci iclasında müzakirə edilən məsələlərə və qəbul edilmiş qərarlara dair ətraflı fikir mübadiləsi aparılıb.