• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycana səyahət etməklə düzgün seçim etdik

İndi Avropanın əksər ölkələrinin vətəndaşları Cənubi Qafqazın qüdrətli və lider dövləti olan Azərbaycana səyahət edib, ölkəmizin tarixi, mədəniyyəti və kulinariyası ilə yaxından tanış olmaq arzusundadır. Buna Avropanın şimal-qərbində yerləşən Belçikanı misal gətirə bilərik.

Artıq üç gündür Azərbaycana səfər edən beş belçikalı turist tələbə dağ, meşə və dənizdə istirahət etmək üçün ölkəmizin cənubuna üz tutub. İki gündür Lənkəranda olan turistlər burada eşitdiklərindən də artıq xoş təəssüratla qarşılaşıblar. Bölgənin təmiz havasını, turistlərin dincəlməsi üçün əlverişli təbiətini belçikalılar çox bəyəniblər. Belçikalı tələbə turistlərin kapitanı Martindir. O, tələbə yoldaşları ilə birlikdə Qafqaza səyahət etməyi may ayında planlaşdırıb. Nəhayət tətil başlayan kimi, Belçikadan birbaşa təyyarə ilə Tbilisiyə gələrək buradan səyahətlərinə start veriblər: “Tələbəyəm, Gürcüstan və Azərbaycanı səyahət edirik. İki gündür Azərbaycandayıq və gördüklərimizdən heyrətə gəlmişik. Azərbaycanı ona görə seçdik ki, ölkə ilə tanış deyildik və heç təsəvvürümüz belə yox idi. Bura bizi cəlb etdi. Düşünürəm ki , biz düzgün seçim etmişik. Çünki burda insanlar çox qonaqpərvərdirlər, heç vaxt görmədiyimiz təbiət var burda. Atəşgahda yerdən od çıxır, yazılmış qayalar, məscidləri gördük, insanlar bizə ibadət etməyi öyrətdilər. Bu bizim üçün xüsusi maraqlı idi və düşünürəm ki, qarşıdakı yeddi gün də maraqlı keçəcək”.

Lənkəranın dəniz sahilində qara qumu görüb təəccüblənən Aleksandr Dens isə cənuba səyahət etməklərindən razı qalıb: “Burada dostlarımla ölkəni gəzirik. Dünən biz seçim edərkən Şimal və Cənub arasında qaldıq. Şimala gedəcəkdik, dostlardan təklif gəldi ki, Cənubda dəniz sahili var. İnsanları mehribandır, qiymətləri də münasibdir. Biz son anda qərara gəldik ki, qatarla Lənkərana gələk. Çox maraqlı oldu. Düşünürəm ki, sizin ölkəni seçməklə düzgün seçim etmişik”.

Belçikalı Viktor özlərinin digər turist həmyerlilərindən fərqləndirir. O, maşınla səyahət etməyi, mehmanxanalar və otellərdə qalmağı sevmir: “Bizim kimi yaşıdlarımızın çoxu çadırla istirahət etmirlər, onların böyük əksəriyyəti oteldə qalırlar. Belə olduqda yerli əhali ilə ünsiyyətləri olmur. Ona görə də çadırda qalırıq. İctimai nəqliyyatlardan istifadə edirik, insanlarla ünsiyyət qururuq. Burada ölkəni daha yaxından tanımağı hiss edə bilirik”.

Digər belçikalı turist Yase Hass isə deyir ki, sizin bölgənin əhalisi çox istiqanlıdır. Bizi yerli turistlərinizdən fərqləndirmirlər. Əcnəbi turist görəndə doğmaları kimi qarşılayırlar: “Hamımız birlikdə təhsil alırıq, eyni universitetin tələbələriyik . Öz çadırlarımızla ölkələri gəzirik. Çünki bu cür olanda insanlara daha yaxın oluruq. Sizin insanlar daha mehribandırlar. Bizə çay, yemək təklif edirlər. Hətta qalmaq üçün evlərinə belə aparmaq istəyirlər”.

Müxtəlif ixtisaslar üzrə eyni ali məktəbdə təhsil alan belçikalı turist tələbələr iki gün də Lerik də qalmağı planlaşdırır. Onlara yaxın dostları dağlıq rayon olan Lerikin füsunkar təbiəti ilə tanış olmağı məsləhət görüb.