• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlham Əliyev BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini dövlət başçısına təqdim edib. Səfirlə söhbət zamanı İlham Əliyev Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Dövlət başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd edib.

Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyib. Mohamed Hamel Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirərək, münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.