• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan milli mətbuatı: 140 il

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur.  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncamında göstərildiyi kimi, hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. Bu fakt özü Azərbaycanda mətbuatın inkişafının hansı səviyyədə olduğunu göstərir. 

Azərbaycanda XIX əsrin ortalarında gedən proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdı. Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti ilə milli mətbuatımızın təməli qoyuldu. "Əkinçi" həmin dövr İslam dünyasında mütərəqqi prinsiplərlə işləyən, nümunə götürüləcək azsaylı mətbu orqanlardan biri idi. Prezidentin yuxarıda göstərilən Sərəncamında da qeyd edildiyi kimi, “qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır”.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən etdi. H. Əliyev söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldıraraq, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaratdı. Bu tədbirlər milli jurnalistikanın yeni inkişaf mərhələsinə keçidini təmin etdi.

2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Milli mətbuatın 140 illik yubileyinin geniş qeyd olunması, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması dövlətin bu sahəyə xüsusi diqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşdə jurnalistləri və xalqımızı təbrik etdi. Bayram ərəfəsində bir çox jurnalistlər orden, medal və fəxri adlarla təltif olundu. “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib” - Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini və bunun mətbuat tarixində yeni dövr açdığını da bildirdi.

Biz öz bayram sevincimizi İslam ölkələri jurnalistləri ilə paylaşırıq. Düşünürük ki, hər bir İslam ölkəsində jurnalistlərin sevinci də, bayramı da, uğuru da, ələmi də bizim hamımızındır. Biz bu 140 ildə uzun, keşməkeşli yollar keçmiş Azərbaycan mətbuatının müqəddəs ənənələrini davam etdirən jurnalistlərimizi təbrik edir, onları xalqımızın və dövlətimizin mənafeyini qorumağa, Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmağa çağırırıq.