• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət sahəsində bir sıra layihələr həyata keçiriləcək

Bakı. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və təşkilatın sədrinin müavini İsroil Şamsimuxammedovla görüşüb. Görüşdə 2015-ci il ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr müzakirə edilib və əldə olunan uğurlar yüksək qiymətləndirilib.

"AzərTAC"-ın xəbərinə görə, E.Nuriddinov 2015-ci ildə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyinin geniş qeyd olunması, bu ali təhsil ocağında Nizami Gəncəvinin irsinin təbliği muzeyinin yaradılması, Gəncə Dövlət Universiteti ilə əməkdaşlığa dair Memorandumun imzalanması, habelə hər iki xalqın mədəniyyəti, ədəbiyyatına dair tədbirlərin təşkilində, çap məhsullarının reallaşdırılmasında göstərdiyi dəstəyə görə Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Mədəniyyət Mərkəzinin direktoru deyib ki, ötən il Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Daşkənd Dövlət Pedaqoji Universitetində müxtəlif tədbirlər keçirilib. Belə ki, Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd olunması, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə universitetdə yaradılan Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan filmlərinin təqdimatının keçirilməsi, Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin təşkili, Azərbaycan xalqının Ümummilli Liderinin adına “Heydər Əliyev” təqaüdünün təsis edilməsi və başqa layihələr maraq doğurub.

Görüşdə 2016-cı ildə həyata keçiriləcək layihələr, birgə tədbirlər planı müzakirə olunub.

S.Abbasov 2016-cı ildə Özbəkistanda “Azərbaycanı tanıyaq” və “Azərbaycan tarixi hər bir ölkədə” layihələri çərçivəsində Özbəkistan kitabxanalarına Azərbaycanın tarixi, dövlətçilik ənənələri, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitabların hədiyyəsi, Özbəkistanın bir sıra böyük və tarixi şəhərlərində Azərbaycan mədəniyyətinə həsr olunmuş təqdimatların keçirilməsi ilə bağlı təkliflərini irəli sürüb. Görüşdə, həmçinin “Azərbaycanın multikulturalizm və tolerantlıq modeli” haqqında qardaş ölkədə təqdimat mərasimlərinin təşkili, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycanın mədəni irsinin mənimsənilməsinə dair təbliğat işlərinin aparılması, Özbəkistanda Azərbaycan aşıq sənətinin təqdimatı, Azərbaycan və özbək aşıqlarının birgə çıxışının təşkili, Özbəkistanda “Azərbaycan ali məktəblərinin təhsil yarmarkası”nın təşkili ilə əlaqədar məsələlər də müzakirə edilib.

Cəmiyyətin rəhbərləri təkliflərin maraqlı və əhatəli olduğunu və onların birgə həyata keçirilməsi məsələsinə müvafiq qaydada baxılacağını qeyd ediblər.