• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Astarada Xocalı soyqırımının 27-ci ildönümü qeyd olunub

Fevralın 21-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda tədbir keçirilib

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin fondunda saxlanılan Xocalı şəhidlərinin fotoşəkilləri, kitabları və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları “Qan yaddaşımız. Qəhrəmanlıq salnaməsi” filminə baxıblar.

Tədbirdə Mərkəzin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Xocalı soyqırımından 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Dörd tərəfdən Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü atəş açılıb. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bildirilib ki, bu gün Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət" kampaniyasının məqsədi də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.

Tədbirdə mövzu bağlı Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov çıxış edərək, Xocalı soyqırımının bütün dünyada tanınmasında dövlətimizin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini yüksək dəyərləndiriblər.