• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

ASEAN-ın sammiti öz işinə başlayıb

Bakı. Bakı. Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 31-ci sammitinin rəsmi açılışı keçirilib. Ümumi iclasdan sonra sammit iştirakçılarının ASEAN-a daxil olan ölkələrin biznes dairələrinin iştirakı ilə işgüzar və investisiya forumu keçiriləcək. Forumda Hindistan və Rusiyanın Baş nazirlərinin çıxışları gözlənilir. Noyabrın 13-də, həmçinin tərəflər arasında dialoqun qurulmasının 40 illiyinə həsr edilən beşinci ASEAN-ABŞ sammitinin keçiriləcəyi gözlənilir. Həmin gün 20-ci ASEAN-Çin, 19-cu ASEAN-Cənubi Koreya, 20-ci ASEAN-Yaponiya sammitləri, həmçinin 9-cu ASEAN sammiti keçiriləcək. Noyabrın 14-də isə 20-ci yubiley ASEAN+3 (ASEAN+Çin, Yaponiya, Cənubi Koreya), 40-cı ASEAN-Kanada və 40-cı ASEAN-Aİ sammitlərinin keçirilməsi planlaşdırılır. Günün ikinci yarısında isə Şərqi Asiya sammiti başlayacaq.

Sammitin gündəliyinə ASEAN ölkələrinin həll etməyə çalışdığı siyasi və təhlükəsizlik məsələləri, iqtisadi və sosial-mədəni problemlər daxil edilib ki, bunların da müzakirəsində məqsəd təşkilata daxil olan ölkələrin hərtərəfli və dayanıqlı inkişafının əldə edilməsidir. Görüş iştirakçıları, həmçinin radikallaşma və separatizm, dünya və regional iqtisadiyyatın proqnozları, iqtisadi inteqrasiya, qadınların, işçi-miqrantların hüquq və imkanlarının genişləndirilməsi, iqlim dəyişmələri, gənclər və yoxsulluq məsələlərini də müzakirə edəcəklər. Xatırldaq ki, sammitdə 20-dək ölkənin liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Rusiyanın Baş naziri Dmitri Medvedev, Çinin Baş naziri Li Keçyan, Yaponiyanın Baş naziri Şinzo Abe, Kanadanın Baş naziri Castin Trüdo, Hindistanın Baş naziri Narendra Modi iştirak edirlər. Sammitə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreş də qatılıb.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası 1967-ci il avqustun 8-də Banqkokda (Tailand) təsis edilib. İlk mərhələdə təşkilata İndoneziya, Malayziya, Sinqapur, Tailand və Filippin daxil olub. Sonradan ASEAN-a Bruney-Darussalam (1984-cü il), Vyetnam (1995-ci il), Laos və Myanma (1997-ci il), Kamboca (1999-cu il) daxil olublar. Papua-Yeni Qvineya və Şərqi Timor qurumda xüsusi müşahidəçi statusuna malikdirlər.

"AzərTAC"