• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Aktauda Azərbaycan Gəncləri Günü qeyd olunub

Ölkəmizin Aktaudakı Baş konsulluğunda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Baş konsulluq tərəfindən təşkil olunmuş mərasimdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının üzvləri, Aktau şəhərinin ali təhsil müəssisələrində oxuyan tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə azərbaycanlı gənc rəssamlar Elmira Ağayeva, Elmira Mürsəliyeva, Raziyə Məhəmmədrəsulovanın rəsm sərgisi ilə tanış olublar.

Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş 2 fevral - Gənclər Gününün tarixindən danışıb.

Diplomat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər sahəsində həyata keçirilən çoxsaylı tədbirlər barədə danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsil almalarının, onların beynəlxalq idman yarışlarında uğur qazanmalarının bu istiqamətdə aparılan uğurlu siyasətin bəhrəsi olduğunu bildirib.

Sonra Baş konsulluğun əməkdaşı Kamil Ağayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılmış DAOS virtual şəbəkəsinin təqdimatı keçirilib. K.Ağayev saytın məqsəd və vəzifələrindən danışıb, dünya azərbaycanlılarının əlaqələndirilməsi üçün yaradılmış daoz.az portalında xaricdə yaşayan soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəklərini deyib.

Daha sonra Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələr adından çıxış edən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetin 3-cü kurs tələbəsi Əzizə Hüseynova ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb.

Manqistauda fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli mədəni cəmiyyətinin nəzdində fəaliyyət göstərən gənclər təşkilatının sədri Orxan Salahov vilayətdə yaşayan azərbaycanlı gənclərin son illərdə Qazaxıstanın ictimai-siyasi həyatında göstərdiyi fəallıqdan, xüsusilə idman sahəsində azərbaycanlı gənclərin Qazaxıstan, Asiya və dünya miqyaslı yarışlarında əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Çıxışlardan sonra 2 fevral - Gənclər Günü münasibətilə hazırlanmış tort kəsilib.