• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda VI Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək

Noyabrın 22-24-də növbəti VI Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcək.

Əsası 2014-cü ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən qoyulmuş bu treninqlər zamanı Azərbaycan, Rusiya və Orta Asiya ölkələrindən gəlmiş 100-dən çox həkim, rezident və tələbələr üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, ginekologiya, kardiopulmonar reanimasiya və lazer təbabəti üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treninqlər və vərdişlər kursu təşkil ediləcək.

Treninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir avadanlıqlar, simulyatorlar və tibbi modellər üzərində aparılacaq. Bakı Beynəlxalq Tibbi Treninq Günlərində Azərbaycanın tanınmış professor və tibb mütəxəssisləri moderator, referent və ekspert qismində iştirak edəcəklər. Dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş iştirakçılara tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunulacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin canlı bilik və təcrübə mübadiləsi aparılacaqdır. Tədbir çərçivəsində müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilməsi, həmçinin müxtəlif həcmli cərrahi əməliyyatların canlı olaraq zala birbaşa translyasiyası ilə interaktiv müzakirələrin də aparılması nəzərdə tutulmuşdur.