• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Səudiyyə Ərəbistanı IPO-dan sonra “Aramco”nun bazar dəyərinin 1,7 trilyon dollar olacağını gözləyir

Səudiyyə Ərəbistanı “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra şirkətin bazar dəyərinin 1,6-1,7 trilyon dollar olacağını nəzərdə tutur.

 “Aramco”nun IPO-sunun dekabrda keçirilməsi planlaşdırılır. Səhmlərin qiymətləndirilməsi noyabrın 17-dən dekabrın 4-dək davam edəcək. “Aramco”nun səhmlərinin son qiyməti dekabrın 5-də elan ediləcək.

Şirkətin 1,5 faizlik səhmlərinin dekabrın 11-də Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırılır. Səudiyyə Ərəbistanı bu satışdan 24-25 milyard dollar gəlir əldə etməyi hədəfləyir.

Qeyd edək ki, neft nəhəngi səhmlərinin 0,5 faizini fərdi investorlara təklif edəcək. “Aramco” səudiyyəli investorları Ər-Riyad birjasına cəlb etmək niyyətindədir. “Saudi Aramco”nun IPO-su pərakəndə investorların Riyad birjasına qayıtmasına səbəb ola bilər.

“Aramco” 1,5 trilyon dollar səviyyəsində dəyər qazanacağı təqdirdə Səudiyyə Ərəbistanının hədəf dairəsindən aşağıda qalacaq. Belə ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyir. Bankların proqnozuna görə isə bu rəqəm 1,5 trilyon dollar olacaq.

Ekspertlərə görə, fərdi investorlar üçün ayrılan hissə təxminən 7,5 milyard dollar ola bilər.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.