• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İlahiyyat İnstitutu: “Orta əsr İslam fikrində din və fəlsəfə” kitabı nəşr olunmuşdur

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiyada İslam fikrində din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilmişdir. Orta əsrlər İslam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, “Qurani-Kərim”də rasional düşüncə tərzinə, ağla verilən üstünlük, Peyğəmbər və əshabələrin yaşadıqları dövrün rasional mənzərəsi, erkən İslam dövründə rasional düşüncə tərzinin təşəkkülü, ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional İslam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dini ehkamların yeri, sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri, İslam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqədar ideya və konsepsiyalar təhlil olunmuşdur. Həmçinin müəllif məşşai filosofların din-fəlsəfə münasibətləri problemini həlli cəhdlərinin ilahiyyatçılar tərəfindən tənqid edilməsinin səbəblərini, din-fəlsəfə münasibətləri probleminə bəzi ənənəvi baxışların qeyri-obyektivliyini, İslam fikrində dinlə rasional təfəkkürün əksliyinin qeyri-mümkünlüyünü göstərmişdir.