• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Dünya Diabetlə Mübarizə Günüdür

Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik eyni zamanda yayılma miqyasına görə də aktuallığını qoruyur. Əgər 1980-cı ildə şəkərli diabetdən 108 milyon nəfər əziyyət çəkirdisə, 2014-cü ilin hesablamalarına görə həmin rəqəm 422 milyona yüksəlmişdir. Yəni hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.

Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Proqram çərçivəsində xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

Əvvəllər qanında qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir.