• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

UNESKO-nun Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa etdi

UNESKO-nun Baş Konfransının 40-cı sessiyasında ümumi siyasi debatlar zamanı çıxış edən Ermənistan təhsil və elm naziri Arayik Harutyunyan təxribata əl atmışdır. O, Dağlıq Qarabağ “xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda “erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləmişdir.

 Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edərək nümayəndə heyətimizin bəyanatını həmin debatda səsləndirdi.

Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirildi. Qeyd edildi ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.