• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür

Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür.

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ilk tiflopedaqoqlardan biri, gözdən əlillər üçün relyefli əlifbanın və ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin anadan olduğu tarix Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edildi. O, 1745-ci il noyabrın 13-də Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində kasıb toxucu ailəsində dünyaya gəlmişdir.

Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olmuşdur. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələnmişlər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurmuşdur. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.